Bakı Ermənistanla sərhəddə itkin düşmüş Azərbaycan hərbçiləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə cümə axşamı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
“Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir. Əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub”, - Komissiyadan bildirilir.
Daha əvvəl Müdafiə Nazirliyindən məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. **
R.Kərimov