Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bəyanatla çıxış edərək Beynəlxalq Qırmızı Xaç Komitəsindən təcili olaraq Azərbaycanın hərbi qulluqçularına baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edib.
Xəbər verildiyi kimi, cari həftə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanla sərhəd ərazisində itkin düşməsi barədə məlumatlar yayılıb, Ermənistan tərəfi isə onların saxlanıldığını təsdiqləyib.
Eyni zamanda, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb.
“Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir”, - Ombudsman Aparatı Əliyevanın sözlərində sitat gətirir.
Onun sözlərinə görə, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.
Bununla əlaqədar Əliyeva bəyan edib: “Azərbaycan Ombdusmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü tələblərə riayət etməyə çağırmağa dəvət edirəm. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm".
Öz növbəsində, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair yayılmış videogörüntlərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb. **
B.Rüstəmbəyov