2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 3 milyard 523,1 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,3% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7% artıb.
İstifadə olunmuş vəsaitin 1 milyard 941,3 milyon manatı və ya 55,1%-i məhsul istehsalı sahələrinə, 1396,5 milyon manatı (39,6%-i) xidmət sahələrinə, 185,3 milyon manatı (5,3%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 945,8 milyon manatını və ya 26,8%-ni xarici investisiyalar, 2 milyard 577,3 milyon manatını və ya 73,2%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 517,5 milyon manatı və ya 71,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.*
B.Rüstəmbəyov