2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2% artaraq 854,5 manat (cari məzənnə ilə $502,6) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), 1 fevral 2023-cü il tarixinə 856,2 manat təşkil edib.
2023-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,7 min nəfər və ya 2% artaraq 1715,8 min nəfər (2023-cü il fevralın 1-nə 1 milyon 712,1 min nəfər) olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,4%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i maliyyə və sığorta fəaliyyəti, 14,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
B.Rüstəmbəyov