2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 8,5 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 7 milyard 430,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 2,1%), 5 milyard 578,2 milyon manatlıq qeyri-ərzaq malları (artım 4,1%) satılıb.
2023-cü ilin yanvar-mart aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1%, fərdi sahibkarlar üzrə 3,8%, bazar və yarmarkalarda 3,5% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.*
B.Rüstəmbəyov