2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 711 milyon 473,38 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 26,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $11 milyard 771 milyon 184,18 min (2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 7,9%) təşkil edib. Hesabat dövründə ixracın həcmi $7 milyard 741 milyon 328,78 min (azalma 3%), idxalın həcmi $4 milyard 29 milyon 855,4 min (artım 37,7%) təşkil edib.
İxracın strukturunda əsas həcm (88,22%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 14,47% ərzaq məhsullarının, 0,65% tütün və tütün məhsullarının, 4,77% əczaçılıq məhsullarının, 0,37% gübrələrin, 3,17% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,39% oduncaq və ondan hazırlanan məmulatların, 1,93% geyim və geyim aksessuarlarının, 5,82% qara metallar və onlardan hazırlanan məmulatların, 17,78% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,11% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,81% mebelin, 32,73% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 6449 özəl və dövlət müəssisəsi və 17658 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 171 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 36,99%-i), Türkiyə (13,66%), İsrail (5,77%), İspaniya (5,12%), Yunanıstan (4,76%), Hindistan (4,08%), Rumıniya (3,84%), Çexiya (3,5%), Rusiya (3,37%) və Almaniya (3,35%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (19,76%), Çin (14,62%), Türkiyə (13,99%), Fransa (5,51%), Almaniya (5%), Türkmənistan (4,71%), İran (3,2%), İtaliya (2,72%), ABŞ (2,64%) və Qazaxıstanla (2,54%) həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.*
R.Əhmədov