ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) İrəvandan Azərbaycan hərbçisinə qarşı amansız rəftarla bağlı dərhal araşdırma aparılmasını tələb edib.
“Ermənistanda Azərbaycan hərbçisinə qarşı açıq-aşkar amansız rəftarın görüntüləri dərin narahatlıq doğurur. İnsidentlə bağlı dərhal araşdırma aparılmalıdır. Bu, günahkarların beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmasına kömək edəcək”, - deyə bu gün DTİHB-in “Twitter” hesabında bildirilib.
Xəbər verildiyi kimi, bu həftə əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Ordusunun iki hərbçisi Ermənistanda saxlanılıb.
Aprelin 13-də Ermənistan mediasında və sosial şəbəkələrdə əsgərlərdən birinin qeyri-insani rəftara məruz qalması ilə bağlı videogörüntülər yayılıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğluna əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insani rəftara məruz qalmasına dair yayılmış videogörüntülərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.*
Xəbərlər şöbəsi