2023-cü ilin I rübündə Azərbaycanda törədilmiş cinayətlərin 80,3%-i böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub, ümumi cinayətlərin açılması 81,9% təşkil edib. Bunu daxili işlər naziri Vilayət Eyvazov deyib.
“2023-cü ilin I rübündə ümumi cinayətlərin açılması 81,9% təşkil edib və 80,3%-i böyük ictimai təhlükə törətməyən və az ağır növlər olub”, - deyə nazir aprelin 14-də keçirilən kollegiya iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hesabat dövründə keçmiş illərdən bağlı qalmış 95 cinayət açılıb.
“Həmçinin yerli və dövlətlərarası axtarışda olan 1572 təqsirləndirilən şəxs tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - deyə V.Eyvazov qeyd edib.
Bundan başqa, I rübdə qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.*
Xəbərlər şöbəsi