Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə əlaqədar birgə bəyanat yayıb.
“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə, Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”, - deyə bəyanatda qeyd edilib.
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə, Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıb.
“Baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - deyə bəyanatda vurğulanıb.*
V.Əliyev