Avropa Ağır Atletika Federasiyası (EWF) İrəvanda ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.
“Avropa Ağır Atletika Federasiyası 2023-cü il aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.
Avropa Ağır Atletika Federasiyası bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və “Fair Play”in universal prinsiplərinə hücum hesab edir. Avropa Ağır Atletika Federasiyası bu hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirib və yarışın bütün iştirakçılarının təhlükəsizliyi üçün əlavə təminat tələb edib. EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyətinin yanında olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib”, - deyə bəyanatda bildirilib.
EWF Azərbaycan Respublikasının nümayəndə heyətinin müsabiqəni tərk etməli olmasına təəssüflənib, eyni zamanda, buna hörmətlə yanaşıb.
“Avropa Ağır Atletika Federasiyası Azərbaycan komandası və Federasiya ilə həmrəy olaraq qalır”, - deyə bəyanatda vurğulanıb.*
V.Əliyev