Ukrayna və Gürcüstanın 2008-ci ildə NATO-ya üzv olmasına mane olan səbəblərdən biri Almaniyanın keçmiş kansleri Angela Merkelin buna qarşı çıxması olub. Ukraynanın müdafiə naziri Aleksey Reznikov belə hesab edir.
O, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində qeyd edib ki, alman siyasətçi buna qarşı çıxıb və digər Qərb siyasətçilərini də inandıra bilib.
“O vaxt (2008-ci ildə NATO sammitində) Ukrayna və Gürcüstanın alyansın yeni üzvləri olma ehtimalı tamamilə real idi. Əksər avropalılar kimi, amerikalılar da bunun tərəfdarı idi. Təkcə Almaniya kansleri Angela Merkel buna qarşı çıxdı və başqalarını da razı saldı”, - deyə Reznikov bildirib.
Ukraynalı nazirin sözlərinə görə, bu hadisə onu göstərir ki, Qərb illərdir “Rusiyanı təhrik etməmə ehkamı ilə yaşayır”. O əlavə edib ki, bu səbəbdən də Qərb dövlətləri Kiyevi lazımi silahlarla dərhal təchiz etmədilər.*
V.Əliyev