2023-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 7 milyon 244,5 min ton neft nəql edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 76,3%-i BTC ilə daşınıb.
Komitənin məlumatına əsasən, yanvar-mart aylarında BTC ilə nəql olunan bütün neftin 85,9%-i və ya 6 milyon 223.7 min tonu (artım13,7% - İF) Azərbaycan neftinin payına düşüb.
2023-cü ilin birinci rübündə BTC ilə nəql olunan Qazaxıstan və Türkmənistandan tranzit neftinin payı ümumi nəql həmcminin 14,1%-ni və ya 1 milyon 20,8 min ton (azalma 15,1% - İF) təşkil edib.
2022-ci ildə BTC ilə 29 milyon 749,6 min ton neft (artım 12,6%), o cümlədən 5 milyon 103,9 min ton tranzit nefti (artım 41,8%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.**
N.Abbasova