2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin profisiti 1 milyard 723,1 milyon manat və ya hesabat dövründə ÜDM-in 5,68%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
2023-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə artım 18,3%) təşkil edib. Gəlirlər üzrə plan 104,8% yerinə yetirilib.
Dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 2023-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 53,4%-ni təşkil etməklə 4 milyard 430 milyon manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 19,9% çoxdur, proqnoz 122% icra edilib.
Dövlət büdcəsinin neft sektoru üzrə daxilolmaları 3 milyard 860 milyon manat (+16,5%) və ya büdcə gəlirlərinin 46,6%-ni təşkil edib, proqnoz 90,2% icra edilib.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin daxilolmalarının 4 milyard 899,5 milyon manatı Dövlət Vergi Xidmətinin (2022-ci ilin I rübü ilə müqayisədə +74,8%, proqnoz 130% icra edilib), 1 milyard 545 milyon manatı Dövlət Gömrük Komitəsinin (+25,4%, proqnoz 135,8% icra edilib), 1 milyard 576 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin (-42,8%), qalan məbləğ digər mənbələrin payına düşüb.
2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 6 milyard 566,9 milyon manat (artım 16,7%) təşkil edib, proqnoz 111,6% icra edilib.
Dövlət büdcəsi xərclərinin 4 milyard 749,6 milyon manatı və ya 72,3%-i cari xərclərə, 1 milyard 619,3 milyon manatı və ya 24,7%-i əsaslı xərclərə, 198 milyon manatı və ya 3%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Müdafiə və milli təhlükəsizlik xərcləri 82,6% icra edilməklə 777,3 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 133,9% icra edilməklə 1 milyard 43,8 milyon manat, təhsil xərcləri 113% icra edilməklə 881,9 milyon manat təşkil edib.
Cari ilin yanvar-mart aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə layihələrin maliyyələşdirilməsinə 1 milyard 67 milyon manat yönəldib.
2023-cü ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 15 milyard 557,7 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 95,4% çox), xərcləri isə 7 milyard 487,9 milyon manat (+18,7%) təşkil edib. İcmal büdcədə 8 milyard 69,8 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da hesabat dövründə ÜDM-in 26,62%-ni təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773,978 milyon manat, xərcləri üzrə proqnoz 33 milyard 353,278 milyon manat, kəsiri üzrə proqnoz 2 milyard 579,3 milyon manat (ÜDM-in 2,4%-i) təşkil edir.*
R.Əhmədov