Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
“Mən bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Azərbaycanın da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımasını gözləyir”, - deyə o qeyd edib.
Baş nazir, həmçinin hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik Rusiya və Qərb arasında konsensusa çevrilə bilər.
“Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və logistika qovşağına çevrilib və həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün onun əhəmiyyəti artıb. Lakin bu vəziyyət özündə həm riskləri, həm də imkanları ehtiva edir. Biz riskləri hər gün görürük, imkanlar isə bundan ibarətdir ki, Cənubi Qafqazın özü nəhəng yol ayrıcıdır və burada Ermənistan və Gürcüstanın əhəmiyyəti heç də az deyil”, - deyə Paşinyan qeyd edib.
“Yenidən regional partlayış baş verərsə, bu, ən azı enerji baxımından həm Rusiya, həm də Qərb üçün problemə çevriləcək. Lakin sülh bizdən və bizim mövqeyimizdən asılıdır. Mən Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə səy göstərirəm”, - deyə o bildirib.*