2023-cü ilin I rübündə “Kapital Bank” ASC-nin aktivləri 1,2% - 7 milyard 728,237 milyon manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2023-cü il tarixinə bankın kredit portfeli 3 milyard 225,007 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,1% - İF) bərabərdir. Hesabat dövründə “Kapital Bank”ın istehlak kreditləşməsi üzrə portfeli 0,01% - 1 milyard 833,22 milyon manata qədər, biznes kreditləri üzrə portfeli 4,4% - 947,922 milyon manata qədər artıb.
Bankın öhdəlikləri 6 milyard 821,711 milyon manat (azalma 2,5%) təşkil edir.
“Kapital Bank”ın depozit portfeli 5 milyard 912,636 milyon manata (azalma 3%), o cümlədən fiziki şəxslərin əmanətləri 1 milyard 758,612 milyon manata (artım 7,1%) bərabərdir.
Bankın kapitalı 906,526 milyon manat (artım 9,7%), nizamnamə kapitalı 265,85 milyon manat (dəyişməyib) təşkil edir.
2023-cü ilin I rübünün sonuna “Kapital Bank”ın xalis mənfəəti 83 milyon 519 min manat (2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 65,7%) təşkil edib.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).*
X.Nəsirzadə