Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 69,9% təşkil edib. Bu barədə fondun məlumatında deyilir.
“2023-cü il martın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $53 milyard 438 milyon təşkil edib, bunun $0,41 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
2023-cü il martın sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $53 milyard 437,21 milyona bərabərdir.
Fondun investisiya portfelinin strukturunda 69,9% ABŞ dolları (2022-ci ilin yekunları üzrə 68,6%), 19,4% avro (2022-ci ilin sonuna 20,4%), 4,8% funt sterlinq (5,2%), 0,6% Avstraliya dolları (0,6%), 0,3% türk lirəsi (0,4%), 0,2% rus rublu (0,3%), 1% Çin yuanı (1,1%), 1,4% yapon yeni (1,3%), 2,4% digər valyutalarda (2,1%) yerləşdirilib.
Fondun investisiya portfelinin 61%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna 62,1%), 21,1%-i səhmlərdə (2022-ci ilin sonuna 19,6%), 5,7%-i daşınmaz əmlakda (2022-ci ilin sonuna 6,2%) yerləşdirilib. Qızılın payı 12,1% (2022-ci ilin sonuna 12,1%) təşkil edir ki, bu da 101,8 tona ekvivalentdir (2022-ci ilin sonuna 101,8 ton).
ARDNF-in vəsaitlərinin 96,2%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 35,8%-i Şimali Amerika ölkələrində, 28,7%-i Avropa ölkələrində, 15,1%-i Asiya-Sakit okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerika ölkələrində, 0,3%-i Yaxın Şərq ölkələrində, 0,6%-i Avstraliya və Yeni Zelandiyada, 7,3%-i beynəlxalq təşkilatlarda, 12,1%-i isə qızılda yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova