“Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”)” publik hüquqi şəxsi “Azerspace-1” peykinin istehsalı üçün “BNP Paribas” bankından cəlb etdiyi krediti bağlayıb.
“2022-ci ildə agentliyin “BNP Paribas” bankı qarşısında olan kredit öhdəlikləri yekunlaşıb. “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği $116,6 milyon olan kredit əldə edilib. Kredit borcu üzrə son ödəniş 2022-ci ilin dekabr ayında həyata keçirilib və kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb”, - deyə “Azərkosmos”dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov