Ermənistan Bakıya qarşı ərazi iddialarının olmadığını təsdiq etməli və rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır. Bunu Prezident İlham Əliyev deyib.
“Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, - deyə dövlət başçısı aprelin 18-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
O əlavə edib ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif dəyişikliklər olub.
“Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır”, - deyə Əliyev vurğulayıb.*
R.Kərimov