2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 52 milyon 474,1 min ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 75,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,6% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 4 milyon 442,4 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 16,6% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 milyon 824,3 min ton (artım 28%), avtomobil nəqliyyatı ilə 28 milyon 374,7 min ton (artım 3%), hava nəqliyyatı ilə 37,3 min ton (azalma 75,6%) müxtəlif yük daşınıb. Yanvar-mart aylarında daxili neft kəmərləri vasitəsilə 9 milyon 500,8 min ton neft (artım 9,9%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov