2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2022-ci ilin analoji dövrü ilə müqayisədə 40,3% - 3 milyard 523,1 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Birinci rübdə Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 41,1%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşu 1 milyard 172,7 milyon manat (artım 20,5%) təşkil edib.
Emal sənayesinə 1 milyard 128,3 milyon manat (azalma 45,7%) məbləğində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşu 76,7 milyon manat (azalma 4%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 milyard 201,7 milyon manat (artım 92,3%), rabitə və informasiya sahəsinə 88,2 milyon manat (artım 2,7 dəfə), dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 10,6 milyon manat (azalma 26,7%), təhsil sahəsinə 1,3 milyon manat (azalma 3,4%) investisiya qoyuluşu həyata keçirilib. Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarına yönəldilib.
2022-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2021-ci illə müqayisədə 10,4% - 6 milyard 930,7 milyon manata qədər azalıb.**
B.Rüstəmbəyov