İran ötən 1401-ci İranın təqvim ilində (20 mart 2023-cü il sona çatıb) Türkmənistandan Azərbaycana svop qaz tədarükü həcmində 358% artım qeydə alıb. Bu barədə “Fars News”a İranın Milli Qaz Şirkətinin (NİGC) baş direktoru, neft-qaz sənayesi nazirinin müavini Məcid Çeqeni müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, onun sözlərinə görə, svop əməliyyatlar üzrə qaz tədarükü dəyər ifadəsində ötən illə müqayisədə 6 dəfədən çox (530%) artıb.
Çeqeni xatırladıb ki, NİGC 2021-ci ildə SOCAR ilə imzalanmış svop saziş çərçivəsində Türkmənistandan təbii qaz idxal edir. Onun sözlərinə görə, cari il İran SOCAR ilə svop müqavilə üzrə Türkmənistandan idxal olunan qaz həcmində ötən illə müqayisədə 70%-dən çox artım gözləyir.
2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək.
2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb.
2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib. **