2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2,4% - 20 milyard 664,8 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Martda bankların və BOKT-ların kredit portfeli 317,7 milyon manat artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin həcmi 590,48 milyon manat (hesabat dövründə azalma 0,5% - İF) və ya bütün kreditlərin 2,9%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il martin 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 962,3 milyon manat (artım 2,9%) və ya bütün kreditlərin 19,2%-i, özəl banklar tərəfindən 16 milyard 76,26 milyon manat (artım 2,1%) və ya bütün kreditlərin 77,8%-i həcmində kredit verilib. Qalan 626,25 milyon manat (artım 6,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Martın sonuna verilmiş kreditlərin ümumi həcmindən 16 milyard 623,27 milyon manat (artım 2,6%) milli valyuta, 4 milyard 41,56 milyon manat (artım 1,3%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,6% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 296,88 milyon manat (bütün kreditlərin 16%-i) ticarət və xidmət sahələrinin, 670,66 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 572,3 milyon manat (2,8%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 56,9 milyon manat (5,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 91,9 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 800,97 milyon manat (3,9%) nəqliyyat və rabitə sahələrinin, 11 milyard 784,6 milyon manat (57%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-mart aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 4,5% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə