Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonu qəbul edib, tərəflər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.
“Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlarla bağlı fikir mübadiləsi aparıldı”, - dövlət başçısının saytında məlumat verilir.
Əliyev qeyd etdi ki, “Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanla sülh müqaviləsinin imzalanması məhz Azərbaycanın təşəbbüsüdür və bu xüsusda sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsip ölkəmiz tərəfindən təklif olunub”.
Öz növbəsində, Olson bəyan edib ki, “ABŞ regional sülh gündəliyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir”.
Məlumatda deyilir ki, bu əsnada “ABŞ Dövlət katibi Antoni Blinkenin rolu xüsusi qeyd olundu”.
Həmçinin bildirilir ki, “söhbət zamanı regional məsələlər, Azərbaycan ilə ABŞ arasında ikitərəfli siyasi əlaqələr, o cümlədən enerji, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı”. **
R.Kərimov