2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük daşımalarından Azərbaycanın gəlirləri 2021-ci illə müqayisədə 36,1% - 734 milyon 912,5 min manatadək ($432,3 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bu nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarından gəlirləri 59,3% artaraq 312 milyon 402,9 min manat ($184 milyon) təşkil edib.
2022-ci ildə Avrasiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində sərnişin daşımalarından Azərbaycanın gəlirləri 27,9% artaraq 43 milyon 435,8 min manat ($25,5 milyon) təşkil edib.
2022-ci ildə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51 milyon 420,6 min ton (artım 29,8%), tranzit yüklərin payı 13 milyon 634,6 min ton (artım 54,5%) təşkil edib.
2022-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə 412,5 min ton yük (azalma 13,6%), o cümlədən 341,1 min ton tranzit yük (azalma 20,5%) daşınıb.
Hesabat dövründə TRACECA-nın Azərbaycan hissəsində 111 milyon 835,6 min sərnişin (artım 47,5%) daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova