Azərbaycan hökuməti 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata (cari məzənnə ilə təxminən $5,9 milyard) çatdırılacağına ümid edir. Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.
“DTA turizm siyasətində iqtisadi yanaşmanı əsas götürür, turizm sektorunun ümumi daxili məhsulda payının artırılması və 2026-cı ildə ümumi turist xərcləmələrinin 10 milyard manata çatdırılması hədəf kimi müəyyən edilib”, - deyə o, bu gün “Turizm biznesi: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirədə bildirib.
F.Nağıyev turizm təkliflərinin stimullaşdırılması məqsədilə turizm və rekreasiya zonalarının yaradılması, sahibkarlar üçün əlverişli investisiya rejiminin formalaşdırılması üçün normativ bazanın təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib.
O, eyni zamanda, hava nəqliyyatı siyasəti ilə turizmin inkişafı siyasətinin uzlaşdırılması istiqamətində Agentliyin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, əlavə iqtisadi təşviqlərin verilməsi, maliyyə əlçatanlığının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə qeyd edib ki, KOBİA turizm sektorunda fəaliyyət göstərən sahibkarlarla mütəmadi olaraq görüşlər, onlar arasında sorğular keçirir. “Bu görüşlərin və sorğuların nəticələrinə əsasən, turizm sektorunda çalışan sahibkarların çətinlikləri maliyyə vəsaitlərinə çıxış, kadr çatışmazlığı, regionların turizm üçün əlverişli zonalarında infrastrukturun əlçatan olmaması və s. ilə bağlıdır. Kreditləşmə prosedurunun sadələşdirilməsi və alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi, peşəkar kadrların hazırlanması istiqamətində sahibkarların maarifləndirilməsi bu məsələlərin həllində əhəmiyyətli olacaq”, - deyə o vurğulayıb.
Daha əvvəl F.Nağıyev bildirmişdi ki, DTA 2026-cı ildə Azərbaycana gələn xarici turistlərin sayını 4 milyona, yerli turistlərin sayını isə 6 milyona çatdırmağı hədəfləyib.
Azərbaycan hökumətinin məlumatına görə, 2022-ci ildə turist xərcləmələrinin həcmi 1 milyard 340,1 milyon manat və ya $788 milyon (2021-ci illə müqayisədə +2,7) təşkil edib. Lakin bu göstərici 2019-cu ilin göstəricisindən (təxminən 3 milyard manat və ya $1,7 milyarddan çox) əhəmiyyətli dərəcədə azdır.
2022-ci ildə Azərbaycana 1,6 milyon turist (2019-cu ildə rekord sayda - 3,2 milyon nəfər) gəlib.
2022-ci ilin yekunları üzrə ÜDM-də turizmin payı 1,6% (2019-cu ildə 2,4%) təşkil edib.*
B.Rüstəmbəyov