Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırmış Ermənistan vətəndaşı Aram Nikolyan beynəlxalq axtarışa verilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
“İbtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın Dizayn studiyasının rəhbəri işləmiş, 28 sentyabr 1982-ci ildə Ermənistanın İrəvan şəhərində anadan olan və həmin dövlətin vətəndaşı olan Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində Azərbaycan vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında nümayişkəranə şəkildə Dövlət bayrağımızı qəsdən yandırıb Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib”, - deyə məlumatda bildirilib.
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhədini keçdiyi halda saxlanılaraq Azərbaycana ekstradisiya olunması xahiş edilib.
“Azərbaycan və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycanın Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Xəbər verildiyi kimi, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət bayrağının yandırılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.*
B.Rüstəmbəyov