Aprelin 20-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüşdə tərəflər arasında Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Bayramov postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib.
“Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb”, - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğu qeyd edilib.
Bayramov bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Erika Olson, öz növbəsində, bölgədə sülh və sabitliyin bərqərar olunmasının əhəmiyyətini, bunun üçün sülh sazişinin imzalanmasının zəruri olduğunu bildirib.
“O, ABŞ tərəfinin Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda aparılan bu danışıqlara dəstək verməyə daim hazır olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunub.
Görüşdə, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə