Aprelin 20-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşüb.
“Danışıqlar zamanı vurğulanıb ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Bildirilib ki, bu ilin fevralında Daşkənddə keçirilmiş 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu əməkdaşlığımızın genişləndirilməsi üçün yeni üfüqlər açıb”, - Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilir.
Öz növbəsində, Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyindən məlumat verilir ki, tərəflər qarşılıqlı sərmayələr sahəsində əməkdaşlığın dərinləşməsi perspektivlərinə diqqəti yönəldiblər. Vurğulanıb ki, yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Fondu bu prosesdə xüsusi rol oynayacaq.
"Özbəkistanın təcrübəsi əsasında Azərbaycanda tam silsilə istehsal olunan pambıq-tekstil klasterlərinin təşkili barədə razılıq əldə olunub. İpəkçilik və maşınqayırma sahələrində öncədən razılaşdırılmış layihələrin inkişafının gedişi də nəzərdən keçirilib", - məlumatda vurğulanıb.
Qarşılıqlı ticarət dövriyyəsinə gəlincə isə bu göstəricinin $1 milyarda qədər artırılması nəzərdə tutulur.
Bundan başqa, tərəflər sənaye, energetika, kənd təsərrüfatı, kiçik və orta biznes, nəqliyyat, tranzit və digər sahələrdə münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
«Görüşün yekunlarına dair əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub və iki ölkə arasında ticarət münasibətlərinin inkişafı üçün ən əlverişli şərait yaratmaq məqsədilə fəal əməkdaşlıq formatı hazırlanıb», - Özbəkistan İnvestisiya Sənaye və Ticarət Nazirliyi qeyd edir. **
R.Əhmədov