Rəsmi Bakının Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi təsis etmək qərarı legitimdir və bütün beynəlxalq hüquq normalarına uyğundur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bəyan ediblər.
“Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur.Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır”, - XİN-in Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfinin sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar bəyanatına dair şərhində deyilir.
Xəbər verildiyi kimi, Dövlət Sərhəd Xidməti bazar günü elan edib ki, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Azərbaycan XİN Ermənistan Xarici İşlər Nazirliyinin sözügedən bəyanatını Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdi kimi qiymətləndirir. “Rəsmi Bakı İrəvanın bu hərəkətlərini qəbuledilməz hesab edir və Ermənistan XİN-in bəyanatını qətiyyətlə rədd edir”, - nazirlikdən vurğulanır.
Bakıda hesab edirlər ki, İrəvanın bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, gərginliyin artmasına gətirib çıxarır.
“Azərbaycanın Üçtərəfli bəyanat üzrə öhdəlikləri pozduğu barədə İrəvanın iddiaları əsassızdır. Üçtərəfli bəyanata əsasən, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət vermək öhdəliyinə malikdir. Bu öhdəlik eyni zamanda, Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Həmçinin yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsinin təşkili yol üzrə hərəkət rejimində dəyişiklik yaratmır. Üçtərəfli bəyanatın əhatə dairəsindən kənar olan sərhəd təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir”, - XİN-dən qeyd olunub.
Bundan əlavə, Azərbaycan XİN hesab edir ki, İrəvanın sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə cəfəng iddiası əsassız və qəbuledilməzdir.
Bütövlükdə, Bakı İrəvanın bəyanatını “yenidən danışıqları bərpa etmək səylərinə zərbə vurmaq üçün bəhanə” kimi qiymətləndirir.
“Ermənistan tərəfinə bu kimi təxribatlardan əl çəkməyi, ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi prinsiplər əsasında Azərbaycanla münasibətlərin qurulması səylərinə məsuliyyətlə yanaşmağı, sülh danışıqlarına müxtəlif bəhanələrlə maneçilik əvəzinə konstruktiv mövqe sərgiləməyi tövsiyə edirik. Bununla yanaşı, Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək cəhdlərinə son qoymağa çağırırıq”, - Azərbaycan XİN-in bəyanatında deyilir. **
R.Əhmədov