Cari il aprelin 21-də Azərbaycan tərəfi “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya çərçivəsində Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmış əsas iddiaya qarşı ilkin etirazlarını Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi təqdim edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Azərbaycanın qeyd edilən ilkin etirazları ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddia sənədinə baxılmanı dayandırıb”, - deyə məlumatda bildirilib.
Ermənistan 2021-ci il sentyabrın 16-da "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya uyğun olaraq BMT Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. İddiada Azərbaycanın ünvanına onilliklər ərzində davam edən və 2020-ci il münaqişəsi zamanı ön plana çıxmış irqi ayrı-seçkiliklə bağlı ittihamlar yer alır.
Azərbaycan 2021-ci ilin sentyabr ayının 23-də Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan tərəfi bildirir ki, Ermənistan azərbaycanlılara qarşı milli və ya etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətləri edib və etməkdə davam edir.*
N.Abbasova