Aprelin 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.
“Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə ediblər”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri həmkarına Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumat verib.
Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin və işçi görüşlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb.
“Geniş tərkibdə keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb”, - deyə məlumatda qeyd olunub.*
N.Abbasova