Sofiyada “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü ilə bağlı memorandumun imzalanması Azərbaycan qazının Avropaya tədarükü üçün yeni bazarlar açmağa imkan verəcək. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Biz bu gün Azərbaycandan Avropaya təbii qaz rədarükü üzrə yeni marşrutun yaradılmasını müşahidə edirik”, - Şahbazov çərşənbə axşamı Sofiyada (Bolqarıstan) “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra bildirib. Bolqarıstanın Teleqraf Agentliyi Şahbazovun sözlərindən sitat gətirib.
Şahbazov memorandumun imzalanmasını «yeni təşəbbüsün həyata keçirilməsi yolunda böyük addım» adlandırıb ki, bu da Azərbaycan qazı üçün yeni bazarlar açacaq, ölkə (Azərbaycan - İF-Az) isə «özünü etibarlı tərəfdaş kimi təsdiqləyəcək».
Onun sözlərinə görə, bu, “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni əməkdaşlığın başlanğıcı” olacaq.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
Sənəd Avropa İttifaqına, Mərkəzi və Cənubi-şərqi Avropaya təbii qaz tədarükünün təhlükəsizliyini artırmaq məqsədilə Bolqarıstanın təklif etidiyi və Avropa Komissiyası tərəfindən dəstəklənən “Həmrəylik halqası” (STRİNG) təşəbbüsü ilə əlaqədardır.
Hazırda Azərbaycan Avropada İtaliya, Bolqarıstan, Yunanıstan və Rumıniyaya qaz tədarük edir. **
R.Kərimov