Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə valyuta ehtiyatlarının idarəedilməsindən $41,8 milyon zərər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci ildə AMB-nin valyuta ehtiyatlarının idarə edilməsindən gəlirlər $7,2 milyon təşkil edib.
“2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları $1.9 milyard və ya 27% artaraq $9 milyard təşkil edib. Ötən il AMB-nin valyuta aktivlərinin idarə edilməsindən xalis gəlirlər -$41,8 milyon təşkil edib ki, bu da qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühitlə əlaqədar olub”, - deyə bankdan qeyd ediblər.
2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən gəlirlilik -0.53% olub.
2022-ci ilin sonuna AMB-nin rəsmi valyuta ehtiyatlarının 87%-ni (2021-ci ilin sonuna 82%-ni) ABŞ dolları, 4%-ni (2021-ci ildə 7%-ni) avro, 1%-ni (2021-ci ildə 1%-ni) funt-sterlinq, 8%-ni (2021-ci ildə 10%-ni) isə SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.*
A.Əzizov