Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərin tibbi və fərdi qəza sığortası üzrə sığorta şirkətini seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, ANAMA-nın elan etdiyi təkliflər sorğusunun qalibi “PAŞA Sığorta” şirkəti olub. Şirkətlə 1 milyon 666,25 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, könüllü tibbi sığorta 50 nəfəri rəhbər heyət olmaqla 2150 əməkdaşı, fərdi qəza sığortası isə 2100 əməkdaşı əhatə edəcək.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” şirkəti 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin üçlüyünə daxildir. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.*
B.Rüstəmbəyov