Prezident İlham Əliyev İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1,5 min manat (cari məzənnə ilə təxminən $882 - İF) məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat ($441,2) məbləğində birdəfəlik maddi yardım veriləcək.
Birdəfəlik maddi yardımın verilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat ($1,7 milyon) vəsait ayrılacaq.
Maliyyə Nazirliyinə vəsaitin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etmək , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova