Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyov hesab edir ki, əgər Heydər Əliyev SSRİ-yə rəhbərlik etsəydi, Sovet İttifaqı dağılmaqdan xilas olardı.
“Əminəm ki, əgər Heydər Əliyev SSRİ-də hakimiyyətə gəlsəydi - bunun üçün onun hər cür şansı var idi, Sovet İttifaqı dağılmazdı”, - deyə Juravlyov Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” mövzusunda dəyirmi masada bildirib.
Deputat qeyd edib ki, Heydər Əliyevin səyləri sayəsində 1985-ci ildə SSRİ vətəndaşlarına 2-3% dərəcəsi ilə kredit almağa imkan verən qərar imzalanıb.
Juravlyov vurğulayıb ki, SSRİ-də texnoloji irəliləyişlər də Heydər Əliyevin adı ilə bağlıdır. Əliyevin nəqliyyat və rabitə sahəsinə rəhbərlik etdiyi dövrdə dəmir yolu ilə daşımaların həcmi ABŞ-da daşımaların həcmindən iki dəfə çox olub.
“Əminəm ki, o, (Əliyev - İF) baş katib olsaydı, 20-ci əsrin heç bir ən böyük geosiyasi fəlakəti olmazdı. (...) Biz ümumiyyətlə başqa bir dünyada yaşayardıq. O, görkəmli şəxsiyyətdir. Azərbaycan xalqı onu çox yüksək qiymətləndirir. Heydər Əliyevə hakimiyyət uğrunda mübarizə aparmaq lazım deyildi, çünki xalq özü onun yanına gəlib, ondan ölkəyə rəhbərlik etməyi xahiş edib. Niyə? Çünki o, dövləti idarə etməyi bacarır və bunu necə edəcəyini bilirdi. Azərbaycanın strateji inkişafı və ölkənin maraqları hər zaman onun düşüncəsində olub”, - deyə o vurğulayıb.
Juravlyov Heydər Əliyevin danışıqlar aparmaq məsələsində xüsusi istedada malik olduğunu da vurğulayıb: “O, ən çətin vəziyyətlərdə belə razılaşma əldə etməyi, hamı ilə təmas qurmağı bacarırdı. Biz bunu həmişə görür və bilirdik. Yəqin ki, bir çoxlarına məlumdur ki, Heydər Əliyev vaxtilə memar olmaq istəyirdi. O, memar oldu: çox böyük ölkə inşa etdi. O, böyük şair Nizamidən sitat gətirməyi xoşlayırdı - “Qoy ədalət zəfər çalsın”. Müasir Azərbaycan məhz belə yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev isə ümummilli lider Heydər Əliyevin işini davam etdirir”, - deyə Dövlət Dumasının deputatı əlavə edib.*
X.Nəsirzadə