2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,8% artaraq 85,2 milyon manat olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin 55,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9%-i ictimai iaşə xidmətlərindən, 6%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,6%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2% artaraq 549,2 min olub. Gecələmələrin ümumi sayının 55,3%-i Bakıda, 9,6%-i Qusarda, 5%-i Qubada, 4,6%-i Qəbələdə, 3,7%-i Naftalanda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 3,1%-i Şabranda, 2,9%-i Lənkəranda, 1,2%-i Mingəçevirdə, 1,1%-i İsmayıllıda, 1,1%-i Gəncədə, 0,9%-i Şuşada, 0,9%-i Şamaxıda, 0,7%-i Şəkidə, 0,6%-i Qaxda və 5,9%-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 240 min olub ki, bu da ümumi gecələmələrin 43,7%-ni təşkil edir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7% artaraq 309,2 min olub ki, bu da ümumi gecələmələrin 56,3%-ni təşkil edir. Gecələmələrin ümumi sayının 19,3%-i Rusiya Federasiyası, 9,5%-i Türkiyə, 8,6%-i Birləşmiş Ərəb Əmirlikləri, 7,3%-i Hindistan, 5,7%-i Səudiyyə Ərəbistanı, 4,6%-i Küveyt, 3,5%-i Böyük Britaniya, 2,9%-i Qazaxıstan, 2,8%-i Gürcüstan, 2,6%-i Pakistan, 2,3%-i ABŞ, 2,2%-i İsrail, 1,6%-i Belarus, 1,4%-i Almaniya, 1,4%-i Özbəkistan, 1,2%-i Qətər, 1,2%-i İran, 0,9%-i Ukrayna, 0,9%-i Çin, 0,9%-i İtaliya, 0,7%-i Fransa, 0,6%-i Oman, 0,5%-i Niderland, 17,4%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,1%-i Bakıda, 8,9%-i Qusarda, 3,5%-i Naftalanda, 3,2%-i Qəbələdə, 1,8%-i Qubada, 0,4%-i Naxçıvan Muxtar Respublikasında, 0,3%-i Şabranda, 1,8%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4% səviyyəsində olub (2022-ci ilin yanvar-mart aylarında 10,9%). Bu göstərici Naftalanda 37%, Qusarda 30,3%, Şabranda 29%, Beyləqanda 25,7%, Bərdədə 22,8%, Şuşada 20,2%, Bakıda 19,9%, Qubada 19,6%, Sabirabadda 18,6%, Naxçıvan Muxtar Respublikasında 16,7%, Ağcabədidə 15,3%, Lənkəranda 14,8% olub.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat ($209 milyon) olub.*
Xəbərlər şöbəsi