Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın zamanda Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar masasına qayıtmasının anonsunu verib, lakin qeyd edib ki, bütövlükdə Bakıda bu məsələdə İrəvanın siyasətini qeyri-konstruktiv hesab edirlər.
“Təəssüf ki, Ermənistan qeyri-konstruktiv siyasət yürüdür. Eyni zamanda, Azərbaycan (sülh müqaviləsi üzrə - İF) danışıqlara hazırdır. (...) Yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir”, - Bayramov cümə axşamı Bakıda Fransa XİN başçısı Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, regionda nəqliyyta kommunikasiyaların açılması, bütün bu məsələlər daha tez zamanda həll oluna bilərdi.
Bayramov bildirib ki, regionda hazırki vəziyyət barədə Kolonnanı məlumatlandırıb.
Laçın yolu ətrafında vəziyyətə toxunan azərbaycanlı nazir vurğulayıb ki, Ermənistan bu məsələ ilə bağlı manipulyasiya edir və yol hərəkət üçün açıqdır.
Azərbaycan XİN başçısı əlavə edib ki, Ermənistan Laçın yolunu təyinatı üzrə istifadə etməyib, xüsusilə həmin yol ilə hərbçilərin, minaların qanunsuz daşınmasını həyata keçirib. “Bunun nəticəsində, (2020-ci ilin noyabr ayından etibarən) 294 Azərbaycan vətəndaşı mina partlamasının qurbanı olub”, - o qeyd edib. **
X.Nəsirzadə