Ermənistan sərhəddə, Laçın yolunun başlanğıcında paralel nəzarət təklifindən imtina edib, bu səbəbdən Bakı şəffaf nəzarət mexanizminin təmin edilməsi məqsədilə addımlar atıb. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bəyan edib. “Azərbaycan tərəfinin təkliflərindən biri Laçın yolu üzərində şəffaf nəzarət rejiminin həyata keçiriıməsi idi. Lakin Ermənistan paralel nəzarət təklifindən imtina edib. Belə olan təqdirdə, Laçın yolu üzərində şəffaf nəzarətin təmin edilməsi məqsədilə 23 apreldə Azərbaycan nəzarət buraxılış funksiyasını yerinə yetirmək üçün müvafiq addımlar atıb”, - Bayramov cümə axşamı Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Laçın yolu bütün humanitar məqsədlər üçün açıqdır və bundan sonra da açıq olacaq.
Bayramov əlavə edib ki, üçtərəfli bəyanat imzalandıqdan sonra 2,5 il ərzində Ermənistan Laçın yolundan minaların daşınması və Azərbaycan ərazisində basdırılması, həmçinin erməni hərbçilərin və hərbi texnikanın qanunsuz keçirilməsi üçün istifadə edib. **
X.Nəsirzadə