Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Dövlət başçısının saytındakı məlumata əsasən, bunu Əliyev cümə axşamı Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən deyib.
Əliyev bildirdi ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir.
Bu xüsusda dövlət başçısı vurğuladı ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirirdi.
“Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması (23 aprel 2023-cü ildə - İF) Azərbaycanın suveren hüququ və ərazi bütövlüyünün təmin olunmasının ifadəsidir”, - Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra məhz Azərbaycan Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürüb və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim edib. **
B.Rüstəmbəyov