Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak məqsədilə Belqradda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Səfər çərçivəsində Babayev əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviç ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Serbiyanın əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artmaqda olduğu qeyd edilib.
“Babayev və Selakoviç Hökumətlərarası Komissiyanın iclasının gündəliyini müzakirə ediblər. Serbiyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsinə cəlb edilməsi, ikitərəfli və tranzit yük axınının artırılması, qarşılıqlı investisiyaların təşviqi və yeni layihələr əsasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir mübadilələri aparılıb”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər kənd təsərrüfatı, nəqliyyat, əmək və sosial müdafiə, mədəniyyət, İKT, turizm, təhsil və s. sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan tərəfi Ələt Azad İqtisadi Zonasınin geniş imkanları barədə məlumat verib.
Görüş əsnasında Babayev və Selakoviç “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Tədbirlər Planı”nı imzalayıblar.
Həmçinin, Babayev Serbiyanın ailə rifahı və demoqrafiya naziri Dariya Kisiç ilə görüşüb. Görüş zamanı tərəflər və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Ailə Rifahı və Demoqrafiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu imzalayıblar.
“Hər iki sənəddə nazirliklər arasında müvafiq fəaliyyət sahələrində əməkdaşlıq istiqamətləri və təcrübə mübadilələrinin aparılması əksini tapıb”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə