2023-cü ilin yanvar-mart aylarında “AccessBank”ın aktivləri 7,8% - 1 milyard 259 milyon 840 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart tarixinə bankın kredit portfeli 877,91 milyon manata (artım 7,9%) bərabərdir. 674,016 milyon manat biznes kreditlərinin (artım 6,3%), 198,718 milyon manat istehlak kreditlərinin (artım 14,1%) payına düşüb.
“AccessBank”ın öhdəlikləri 1 milyard 141 milyon 26 min manat (artım 8%) məbləğində qiymətləndirilir. Bankın depozit portfeli 948,764 milyon manata (artım 10,3%) bərabərdir. Fiziki şəxslərin əmanətləri 750,737 milyon manat (artım 4,4%) təşkil edib.
Aprelin əvvəlinə “AccessBank”ın kapitalı 118,814 milyon manat (artım 5,4%), nizamnamə kapitalı 258,718 milyon manat (dəyişməyib) məbəğində olub.
Bank hesabat dövrünü 5 milyon 460 min manat məbləğində xalis mənfəətlə başa vurub (2022-ci ilin I rübü ilə müqayisədə artım 6,8 dəfə).
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%).*
X.Nəsirzadə