Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 28-də Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransa naziri tərəfindən səsləndirilmiş əsassız iddiaları şərh edib.
“Aprelin 28-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir. Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik”, - deyə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir.
“Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimitəqdim edən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb. Bununla yanaşı, Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsinə qarşı müdaxilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ziddir. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi də tamamilə yanlışdır”, - deyə XİN-dən qeyd ediblər.
Bildirilib ki, Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı.*
N.Abbasova