“Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanunu layihəsi üzrə keçiriləcək referendum ərəfəsində 611 mindən çox vətəndaş vaxtından əvvəl səs verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Daşkənddən xəbər verir.
“Özbəkistan Respublikasında keçirilən referendumda 611 320 vətəndaş vaxtından əvvəl səs verib. Onlardan 452 044 nəfəri Özbəkistandakı seçki məntəqələrində, 159 276 nəfəri isə xaricdə səs verib”, - deyə Özbəkistan Mərkəzi Seçki Komissiyasından (MSK) agentliyə bildirilib.
Erkən səsvermə aprelin 19-dan 26-dək keçirilib. Referendum aprelin 30-da keçiriləcək.
Şənbə günü ölkədə “sükut günü” elan olunub.
Konstitusiyaya edilən dəyişikliklər parlamentin nəzarət və hüquq-mühafizə orqanları rəhbərlərinin təyin edilməsi funksiyalarını gücləndirir, prezidentin səlahiyyətlərinin bir hissəsi ali qanunverici orqana verilir. Bundan əlavə, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması təklif edilir.
Konstitusiya Məhkəməsinin hakimlərinin yenidən seçilmək hüququ olmadan on il müddətinə seçilmələri təklif edilir. Konstitusiya Məhkəməsi öz üzvləri arasından beş il müddətinə Konstitusiya Məhkəməsinin sədrini və onun müavinini seçir.
Əsas qanuna dəyişikliklərin böyük paketi ölkə iqtisadiyyatının daha da liberallaşdırılmasına yönəlib.
Səsvermə üçün 10758 seçki məntəqəsi yaradılıb ki, onlardan 55-i 39 xarici ölkədədir. Səsvermədə 20 milyona yaxın Özbəkistan vətəndaşının iştirak edəcəyi planlaşdırılır.*
A.Əzizov