Özbəkistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda seçici fəallığı yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 10:00) 35,13% təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Daşkənddən verdiyi xəbərə görə, bu barədə MSK sədrinin müavini Bəhrom Kuçkarov bazar günü keçirilən brifinqdə bildirib.
“Özbəkistanda səhər saat 8:00-da 10758 seçki məntəqəsi açılıb. Vətəndaşlar referendumda fəal iştirak edir, yüksək seçki mədəniyyəti nümayiş etdirirlər. Yerli vaxtla saat 11-ə olan məlumata görə, artıq 6 milyon 820 min 838 nəfər, yəni səsvermə siyahılarına daxil edilmiş seçicilərin 35,13%-i səs verib”, - deyə Kuçkarov qeyd edib.
Onun sözlərinə görə, xaricdə 55 seçki məntəqəsi səsvermə üçün açıqdır.
Kuçkarov əlavə edib ki, indiyədək MSK tərəfindən Konstitusiyaya dəyişikliklərlə bağlı səsvermə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Referendumun etibarlı sayılması üçün seçici fəallığı 50%-dən çox olmalıdır.*
A.Əzizov