Bazar günü Azərbaycan prezidenti İlham Əliyev ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Bu barədə Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyini dəstəkləyir, İrəvanla sülh müqaviləsi üzrə danışıqlara başlamağın və münasibətlərin normallaşdırılmasının təşəbbüskarı məhz Bakı olub. Bu xüsusda da Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip Ermənistana təklif edilib.
O, Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar bəyan edib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
Azərbaycan prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və “artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir”.
Mətbuat xidmətindən bildirilir ki, telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və Bakının tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.
Telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğu dəqiqləşdirilir.
Öz növbəsində, Blinken Twitter hesabında yazıb ki, bazar günü Əliyev ilə telefonla danışaraq “Ermənistanla sülhün təmin edilməsinə yönələn davam edən səylərə öz dəstəyini ifadə edib və bizim buna kömək etməyə hazırlığımızı bildirib”. Həmçinin, ABŞ Dövlət katibi Azərbaycan-Ermənistan sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub. **
İnformasiya şöbəsi