Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib.
“İqtisadi Zonaların İnkişafı Agentliyi, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında "Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu" imzalanıb”, - Azərbaycanın iqtisadiyyat naziri Mikayil Cabbarov Twiiter hesabında yazıb.
Onun sözlərinə görə, sənədin icrası Azərbaycanda maşınqayırma sənayesinin inkişafına töhfə verəcək.
Sənəd Cabbarov və “Uzavtosanoat” SC-nin rəhbəri Uluqbek Rozukulov arasında görüşün yekunlarına dair imzalanıb.
Görüşdə Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.
Qeyd olunub ki, Hacıqabul Sənaye Məhəlləsində birgə avtomobil istehsalı üzrə zavod inşa ediləcək. **
B.Rüstəmbəyov