Azərbaycan prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğulolan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyəyardımı göstərilməsi haqqında” fərman ımzalayıb.
Müvafiq fərman bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20%-i məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək.
Nazirlər Kabineti maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, maliyyə yardımının ödənilməsi ilə bağlı tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etməlidir.
Həmçinin, hökumətə bu fərmanın icrası barədə ildə bir dəfə ‒ hər il aprelin 1-dək Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu fərmanın icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. **
N.Abbasova