Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonu ərazisində həyata keçirdikləri xüsusi əməliyyat zamanı 112 kiloqram narkotik vasitə müsadirə edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
"Xüsusi əməliyyat zamanı paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar. Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adlı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.*
X.Nəsirzadə