Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO Müavinlər Komitəsinin üzvləri ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə edib. Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə məlumat verib.
“Hacıyev müttəfiq ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perpektivlərinə, Azərbaycanın kommunikasiya və enerji təhlükəsizliyində roluna, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinə dair məhsuldar fikir mübadiləsi aparıb”, - deyə o, “Twitter” paylaşımında bildirib.
Xəbər verildiyi kimi, H.Hacıyev bu gün Brüsseldə NATO baş katibinin köməkçisi general David Katlerlə görüşüb. Tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.*
R.Kərimov